İmam ehsanını bişirən zaman qazanın qapağını açıb, hər imamın adına salavat söyləyərək duz tökürlər. Bu iş icazəlidirmi?

Dinimizdə ehsan süfrələri təşkil etmək və bu süfrələrə ehtiyaclı şəxsləri toplamaq böyük savab sayılır. Ənənəyə görə, insanlar hər hansı niyyətlərinin həyata keçməsi üçün ehsan verəcəklərini nəzir deyir, niyyətləri həyata keçəndən sonra ehsan süfrəsi təşkil edirlər. Bəzən əlamətdar dini günlərdə – bayram, mövlud, şəhadət günlərində ehsan süfrələri açılır. Bu süfrələri hər bölgədə fərqli cür adlandırırlar. Bəzi məntəqələrdə buna sadəcə ehsan, bəzən imam ehsanı, bəzən də Əli süfrəsi deyirlər.

Bu ehsan süfrələrinin keçirilmə qaydaları da hər bölgədə fərqlənə bilər. Dini inanca, əqidə əsaslarına və şəriət hökmlərinə zidd olmamaq şərti ilə yerli adət-ənənələrə hörmətlə yanaşmaq və onları qorumaq bəyənilir.

Çox zaman ehsan yeməyi bişirələrkən qazanın qapağını açıb hər imamın adını ayrılıqda çəkir və bu zaman xörəyə bir çimdik duz qatırlar. Bu, xalqın Əhli-beytə olan hörmətinin göstəricisidir. Dini ibadətlərin bir çoxunu icra etmək qadağan olduğu dövrdə insanlar bu yollarla Əhli-beyt sevgisini qorumuş və yaşatmışlar. Bu kimi ənənələr dinimizə zidd deyil və onlara əməl etmək icazəlidir.

Exit mobile version