Nişanlı qız kəbin kəsildikdən sonra toya kimi atasının evində yaşayır. Evdən çıxıb harasa gedəndə nişanlısından icazə alması vacibdirmi?

İslamın ailə qaydalarına əsasən qadın evdən çıxarkən ərindən mütləq icazə almalı, onu xəbərdar etməlidir. Ərinin razılığı olmayan yerlərə getmək qadın üçün günah sayılır. Kəbini kəsilmiş nişanlı qız şəriət baxımından nişanlısının həyat yoldaşı sayılsa da, hələ ata evində qaldığı üçün ər-arvad münasibətlərinin və qarşılıqlı hüquqların bəzisi onlara şamil olmur. Belə ki, ata evində olan qızın dolanışıq xərcləri atasının öhdəsindədir, onun vəlisi (qəyyumu) da atası sayılır, qızın hərəkətlərinə görə atası cavabdehlik daşıyır. Onun kəbinli nişanlısı kişiyə vacib olan vəzifəni,  yəni öz arvadının dolanışığını təmin etmək, xərclərini qarşılamaq vəzifəsini icra etmədiyinə görə, qızın da evdən çıxarkən ondan icazə alması vacib deyil, bunu etməsə günah qazanmır (amma münasibətlərin səmimi olması xatirinə bunu etsə yaxşı olar). Amma nişanlısının haqqını tapdayacaq və onun hörmətinə zərər gətirəcək əməllərdən mütləq çəkinməlidir.

Exit mobile version