Müqəddəs yazılara hörmət göstərmək hər kəsin müsəlmanlıq borcudur. Üzərində müqəddəs adlar – yəni Allahın gözəl adları, peyğəmbər və imamların adları yazılmış kağızlar, Quran yazıları, dualar, dini kitabların səhifələri bu qəbildəndir. Bu cür yazılara dəstəmazsız və qüslsüz toxunmaq olmaz, insan bunlara yalnız pak halda toxuna bilər.
Aydındır ki. bu yazıları zibilliyə atmaq da günahdır. Bəzən yanlış olaraq həmin yazıları yandırırlar, amma bu da hörmətsizliyin bir növü olduğu üçün icazəli deyil.
Bu cür yazılar əgər istifadəyə yararsızdırsa və artıq lazım deyilsə, yenə onlarla hörmətə layiq şəkildə davranmaq lazımdır. Bu yazıları ya axar suya – çaya, dənizə tullamaq, ya da təniz torpaqda – ayaq altından uzaq yerdə basdırmaq lazımdır. Bu yolla həmin yazıların hörməti pozulmur. Əgər yazının mürəkkəbi yuyulursa, onu suyun altında yumaq, yazılar tamamilə yuyulub görünməz olduqdan sonra kağızı tullamaq olar.
