Namaz qılan zaman ayaqyalın və ya corabla olmağın kişi üçün fərqi yoxdur. Hətta səcdə üzvləri ilə yer arasında maneə olmamasının daha çox savab olduğunu nəzərə alaraq, ayaq barmaqlarının ucunun birbaşa yerə dəyməsi üçün ayaqyalın namaz qılmağın daha çox savablı olduğunu düşünmək olar. Hər bir halda, bu, insanın özünə bağlı olan seçimdir.
Kişi üçün ayaqyalın namaz qılmaq icazəli olsa da, qadın üçün bu barədə hökm bir qədər fərqlənir. Belə ki, qadın təklikdə və ya məhrəm kişinin yanında namaz qılırsa, sifətini, biləkdən aşağı əllərini və topuqdan aşağı ayaqlarını örtməsə də olar (ayaq topuğunun özü örtülməlidir). Amma naməhrəm onu görürsə, bu halda ayağını bütünlükdə örtməlidir, topuqdan aşağı hissəni də açıqda saxlaması icazəli deyil. Qadın bu qaydaya riayət etməsə, günah qazanır, amma qıldığı namaz düzgündür.
