Qüslün iki növü vardır. Ardıcıl olaraq əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, axırda da sol tərəfini yumaqla edilən qüsl tərtibi (ardıcıl) qüsl adlanır. İnsan həm də suya tam baş vurmaqla qüsl ala bilər, buna irtimasi qüsl deyirlər.
İrtimasi qüslün bir növündə təkcə suya baş vurmaq deyil, bütünlükdə suyun içinə dalmaq şərtdir. Yəni əvvəlcə itrtimasi qüsl niyyəti edilir. Sonra insan bütün bədənini suyun içinə daxil edir, belə ki, hətta saçları da sudan kənarda qalmamalıdır. Bu qüslü dəniz, dərin çay, hovuz kimi iri su hövzələrində etmək olar. Niyyətdən sonra insan tamamilə suyun altında ikən yerə təkan verərək bir an suyun içində asılı vəziyyətdə qalır ki, ayaqların altına da su dəysin. Ehtiyat üçün bu zaman əlləri və ayaqları da açıb uzatmaq lazımdır ki, su bütün bədəni əhatə edə bilsin. Əsas şərt budur ki, heç olmasa bir an içərisində bütün bədənin səthi suyun içində olsun və bədəndə su dəyməyən bir zərrə qədər də yer qalmasın.
İrtimasi qüslü başqa bir şəkildə də etmək olar. Bu zaman insan niyyət etdikdən sonra bədən üzvlərini hissə-hissə suyun içinə daxil edir. Hər bədən üzvü suya salınmazdan əvvəl sudan kənarda olmalıdır, sonra niyyət edərək həmin bədən üzvünü suya çəkmək lazımdır.
