Dini mənbələrdə əsasən Həzrət Əlinin (ə) zamanında baş evrmiş hadisələrin təsvirində bu üç ifadəyə rast gəlirik. O həzrətin xilafət illərində döyüşdüyü üç dəstə (qrup, cəbhə) bu adlarla adlandırılıb. Bu adların onlara Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən verildiyi şiə mənbələrində nəql edilib. Nakisin – Cəməl döyüşünün təşkilatçıları, qasitin – Siffeyn savaşının təhrikçiləri olan Müaviyə və tərəfdarları, mariqin – xəvaric tayfasıdır. İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) qabaqcadan verdiyi xəbər əsasında bu 3 dəstə ilə savaşmış, hər üçünə qalib gəlmişdir. Lakin bu 3 dəstə İslam dininin inkişafına ciddi zərbə vurmuş, İmam Əlinin (ə) dövlət idarəçiliyi və quruculuq sahələrində səy göstərməsinə maneçilik törətmişdi. Bu üç adın tərcüməsi belədir: nakisin – əhdi (beyəti) pozanlar, qasitin – fasiqlər (günahkarlar) və mariqin – oxun yaydan çıxması kimi dindən çıxanlar.
Həzrət Əlinin (ə) həyatı ilə bağlı mənbələrdə rast gəlinən nakisin, qasitin və mariqin dəstələri kimdir?
