“Qədr” surəsində Qədr gecəsinin min aydan daha xeyirli olduğu bildirilir. Bunun mənası nədir?

Bəzilərinin fikrincə, ayədəki “min ay” ifadəsi çoxluq mənası bildirir və konkretliyə malik deyil. Allah bu yolla Qədr gecəsinin əzəmətini mübaliğəli şəkildə ifadə edib. (Məsələn, biz də tez-tez aşağıdakı ifadələri işlədirik: “Sənə min dəfə demişəm ki…”, yaxud “min dəfə xeyirli olmaq”, “min dəfə təşəkkür etmək” və s. Əlbəttə, biz bu sözlərlə konkret kəmiyyət ifadə etmək yox, danışdığımız mövzunun əhəmiyyətini yaxud miqdarının çoxluğunu başa salmaq istəyirik).

Bəzi rəvayətlərə görə, bir gün Peyğəmbər səhabələr üçün qədim dövrlərdə Bəni-İsrail ümmətindən olmuş bir nəfərin əhvalatını danışdı. Həmin adam 80 il ərzində din düşmənləri ilə cihad etmiş və bir gün də olsun, cihaddan yayınmamışdı. Səhabələr bu əhvalatı eşidəndə onun savabına həsəd aparıb dedilər ki, görəsən, biz də belə savab qazana bilərikmi? Peyğəmbər onlara cavab verdi: “Qədr gecəsində yatmayıb ibadət edən şəxsin savabı 1000 ay (80 il) ibadət edənin savabı qədərdir”.

Bəzi rəvayətlərdə isə ayədəki “min ay” ifadəsində Bəni-Üməyyə sülaləsinin hakimiyyət müddətinə işarə edildiyi bildirilir. Rəvayətə görə, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) yuxuda görür ki, onun minbərinə bir-birinin ardınca növbə ilə meymunlar qalxıb-enirlər. Peyğəmbər bu yuxudan xeyli kədərlənir. Cəbrail Allahın əmri ilə ona yuxunun yozumunu açır, Peyğəmbərin minbərinə növbə ilə qalxıb-enən meymunların Bəni-Üməyyə xəlifələrinə işarə olduğunu söyləyir. Sonra Allah-taala Peyğəmbərə təskinlik məqsədilə “Qədr” surəsini və “Biz sənə Kövsər bəxş etdik” (Kövsər, 1) ayəsini vəhy edir. Bu rəvayətə görə, ayədəki min ay Əməvi xəlifələrinin üst-üstə hakimiyyət müddətinə işarədir.

Exit mobile version