XVII əsrdə yaşamış məşhur cəfəri alimi Əllamə Məclisi (1627/28-1699/1700) tərəfindən tərtib edilmiş “Buharul-ənvar” kitabı öz həcminə görə elm tarixində uzun müddət ən iri hədis məcmuəsi sayılmışdır. Əllamə Məclisi “Biharul-ənvar” üzərində işləməyə Səfəvi şahı Süleymanın zamanında başlamış, 30 ildən də artıq müddətdən sonra onu tamamlamışdır (1693-cü və ya 1695-ci il). Səfəvilər dövlətinin siyasi-iqtisadi və hərbi baxımdan böhran yaşadığı bir zamanda o, şiə hədis irsini itib-batmaqdan qorumaq, bütün məlum hədisləri bir kitabda toplamaq məqsədi ilə bu fundamental layihəni həyata keçirmişdir. Əllamə Məclisinin istifadəsində olmuş əsərlərin bir hissəsi bu gün kitab şəklində mövcud deyil, onları yalnız “Biharul-ənvar”da nəql olunmuş fraqmentlər əsasında oxuya bilirik.
Əllamə Məclisi əsəri tərtib edərkən o zamana kimi məlum olan bütün əsas hədis kitablarını əhatə etməyə çalışmışdır, onun istifadə etdiyi mənbələrin sayı 400-ə yaxındır. Kitab 26 iri cild halında hazırlanmışdı. “Biharul-ənvar”ın müasir nəşrləri 100 cilddən artıqdır.
Hədislər dəqiq mövzular üzrə 2500-ə yaxın babın (fəsilin) içində təsnif edilib. Kitabdakı hədislərin ümumi sayının 85 mindən çox olduğunu yazırlar. Əllamə Məclisi əvvəlcə hər mövzu barədə Quran ayələrini qısa təfsirlə birlikdə vermiş, daha sonra mövzuya uyğun hədisləri ardıcıl olaraq nəql etmişdir. Alim bəzi mövzulara özündən kifayət qədər geniş şərhlər də yazmışdır, bu şərhlər mövzunun başa düşülməsində oxucuya yardımçı olur. Bu böyük layihənin həyata keçirilməsində Əllamə Məclisiyə bəzi tələbələri və dostları da yardım göstərmişlər.
