İlk Quran yazılarında hərəkələr qoyulmurdu, ərəblər bu yazıları hərəkəsiz də asanlıqla oxuyurdular. Amma İslam dini qeyri-ərəb xalqların arasında yayıldıqdan sonra Quran oxunuşunda ciddi fərqlər yaranmağa başladı. Ərəb dilini bilməyənlər hərəkələri düzgün tələffüz etməməklə ayələrin mənasını təhrif edirdilər. O zaman Quran hərflərinə şərti işarələr qoymaq zərurəti yarandı. Deyilənlərə görə, hərəkələr ilk dəfə Müaviyənin zamanında Kufə valisi Ziyadın tapşırığı ilə məşhur ərəb qrammatiki Əbul-Əsvəd Duəli tərəfindən qoyulmuşdu. Əbul-Əsvəd Əhli-beyt tərəfdarı idi, ərəb dilinin qrammatik əsaslarını da İmam Əlinin (ə) tövsiyəsi və rəhbərliyi ilə o hazırlamışdı. O, bir nəfər tərəfindən Quranın səhv oxunduğunu eşitdikdən sonra Ziyadın təklifi ilə razılaşır və əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur. İlk Quran nüsxələrində hərəkələri rənginə görə yazıdan fərqlənən mürəkkəblə qoyurdular.
Quran yazısında hərflərin üzərindəki işarələr (hərəkələr) nə zamandan qoyulub?
