İmam Hüseyn (ə) Aşura günündə öz silahdaşlarını əsl qoşun kimi hissələrə ayırmış, sağ və sol cinahlara sərkərdə təyin etmiş, özü qoşunun mərkəzinə rəhbərlik etmişdi. Qoşunun bayrağını daşımaq Həzrət Abbasa həvalə olundu.
Bundan qabaq İmam çadırların arxasında dərin və enli xəndək qazdırıb içini odunla doldurmuşdu ki, düşmənin arxadan hücum etməsi mümkün olmasın. Döyüşdən əvvəl xəndəkdəki odunları yandırdılar. Savaşdan əvvəl İmamın tərəfindən bir nəfər, daha sonra İmamın özü düşmənin qarşısına çıxıb onlara nəsihət verdi, döyüşdən çəkindirdi, amma bunun faydası olmadı.
Sonra düşmənin kütləvi hücumu başladı. İmamın silahdaşları kollektiv şəkildə hücumu dəf etməyə qalxdılar, bu zaman 50 nəfər şəhid oldu.
Daha sonra təkbətək savaşlar başladı. Zöhr zamanı İmam öz sağ qalmış silahdaşları ilə birlikdə zöhr namazını qıldı.
Təkbətək döyüşlərdə bütün səhabələr şəhid edildildən sonra Əhli-Beyt üzvləri savaş meydanına çıxıb bir-birinin ardınca şəhid oldular. İmamın oğlu Həzrət Əli Əkbər, qardaşları, qardaşı oğulları, o cümlədən Həzrət Qasim, qucağındakı körpə oğlu Əli Əsğər, axırda qardaşı Həzrət Əbülfəzl Abbas şəhid oldular. Ən axırda Həzrət İmam Hüseyn (ə) özü döyüş meydanına çıxıb igidliklə savaşdı və diri-diri başı kəsilərək şəhid oldu.
