Ailə üzvlərinin namazı camaat şəklində qılmaları icazəli, hətta müstəhəbdir. Bu zaman imam-camaatın mütləq ailə başçısı və yaşca böyük olması tələb edilmir. Ailədəki yetkinlik yaşına çatmış kişilərdən hansının qiraəti (namazdakı sözlərin tələffüzü) daha düzgün, ədaləti daha artıqdırsa, o, imam-camaat ola bilər. Yəni atanın öz oğluna iqtida etməsi icazəlidir.
Namaz qılanların bir hissəsi kişi, bir hissəsi qadındırsa, qadın bu namaza imamlıq edə bilməz. Yalnız ər və arvad, yaxud ata və qız camaat namazı qılırsa, qadının (qızın) kişidən arxada durması lazımdır. Qadın kişidən sağda və bir qədər arxada dursa daha yaxşıdır, ən azından qadının səcdədə başını qoyduğu yer kişinin dizlərini qoyduğu xətt üzrə olmalıdır, bundan qabağa keçməməlidir. Namazda imamdan başqa bir kişi, bir və ya bir neçə nəfər qadın iştirak edirsə, imam qabaqda, o biri kişi onun sağında, qadın(lar) da arxada durmalıdırlar. Əgər iqtida edən kişi və qadınların sayı birdən artıqdırsa (məsələn, 2 nəfər kişi və 3 nəfər qadın), imam qabaqda, kişilər onun arxasında, qadınlar da kişilərin arxasında dursunlar.
Əgər camaat namazında iştirak edənlərin hamısı qadındırsa, eyni cərgədə durmaları, aralarında qiraəti və ədaləti daha üstün olan qadının imamlıq etməsi müstəhəbdir.
