Adından da göründüyü kimi, sözün mənası fars dilindən tərcümədə “qəriblərin axşamı” deməkdir. İslam tarixinə görə Aşura günündə İmam Hüseyn (ə) və silahdaşları şəhid ediləndən sonra Əhli-Beytin (ə) qadın və uşaqlarını, şəhidlərin ailə üzvlərini əsir tutaraq əvvəlcə Kufəyə – vali Übeydullah ibn Ziyadın, oradan da Diməşqə – xəlifə Yezidin hüzuruna apardılar. Onlar Aşuradan sonrakı gecəni Kufədə – İbn Ziyadın sarayında son dərəcə ağır şəraitdə keçirdilər. Yaxınları şəhid edilmiş, ağır şəraitdə uzun yol gəlmiş, libasları və zinət əşyaları qarət olunmuş, cahil insanlar tərəfindən təhqirlərə məruz qalmış əsirlər soyuq zirzəmidə, ac-susuz, qəmli halda səhərə kimi qaldılar. Həmin axşamın və gecənin xatirəsi olaraq məscidlərdə Aşura günündən sonrakı axşam Şami-qəriban mərasimi keçirilir. Bu mərasimdə əsirlərin vəziyyətini əks etdirən mərsiyələr oxunur, xütbələr edilir, insanlar Əhli-Beytin (ə) dərdinə şərik olduqlarını ifadə edirlər.
Məhərrəmlikdə keçirilən Şami-qəriban mərasiminin mənası nədir?
