Rəsulla nəbinin arasında fərq varmı?

Hər iki söz peyğəmbər mənasını bildirsə də, peyğəmbərlərin təsnifatında rəsul nəbidən daha üstün olan bir dərəcədir. Bəzi alimlər nəbi ilə rəsul arasında heç bir fərqin olmadığını bildirmişlər. Lakin Qurani-kərimdə bu iki ad yanaşı işlədilir (Həcc, 52). Bu, nəbi ilə rəsulun fərqli dərəcələrə mənsub olduqlarına işarədir.

Nəzəriyyələrdən birinə görə, nəbi Allahdan aldığı vəhyi başqalarına təbliğ etmək vəzifəsi daşimır, yalnız özü bu vəhyə əməl etməlidir. Rəsul isə öz risalətini (peyğəmbərliyini) mütləq təbliğ etməlidir. Yəni rəsulun öz ümməti olmalıdır.

Bəzi alimlərin fikrincə, nəbidən fərqli olaraq, rəsul ayıqlıqda mələklə görüşür və ondan vəhy alır.

Başqa bir nəzəriyyəyə görə, rəsul ya yeni bir şəriətlə göndərilir, ya özündən əvvəlki rəsulun şəriətində islahatlar aparır, ya da unudulmuş keçmiş şəriətlərdən birini təbliğ edir. Nəbi isə yalnız özündən əvvəlki şəriət sahibi peyğəmbərin yolunu olduğu kimi təbliğ etməklə məşğul olur.

Daha bir nəzəriyyəyə görə, rəsul, ona qarşı müxalifət cəbhəsinə keçmiş insanlarla döyüşmək və öz risalətini yaymaq yolunda silahdan istifadə etmək səlahiyyətinə malikdir. Lakin nəbinin belə bir səlahiyyəti yoxdur.

Exit mobile version