Bəzi şəxslər yalnız çətinlik zamanı dua edib istəklərini Allaha bildirirlər. Bu hərəkət düzgündürmü?

Duanı hər zaman etmək lazımdır. Hədislərdə tez-tez və çox dua etmək tövsiyə edilir, hətta Allahın dua edən şəxsin səsini sevməsi bildirilir. Bir çoxları yalnız çətinlik anında duanı yada salır və son vasitə kimi ona sığınırlar. Amma mömin bəndə xoş vaxtlarda da Allahı unutmamalı, öz arzu və istəklərini Ona çatdırmalıdır. Unutmaq olmaz ki, dua yalnız çətinliklərdən xilas olmaq, problemlərdən qurtulmaq, nəyi isə qazanmaq məqsədilə edilmir. Allaha şükür məqsədi ilə, özünə və mömin bəndələrə dünya və axirət səadəti istəmək niyyəti ilə, əldə etdiyi mənəvi və maddi nemətlərin davamlı olması arzusu ilə də hər an dua etmək olar.

İmam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim çətinlik anında duasının müstəcab olmasını istəyirsə, gərək rahatlıq zamanında da dua etsin. Əgər insan yalnız çətinlik vaxtı dua etsə, onun səsi mələklərə yad və qəribə gələr. Amma həmişə dua etsə, çətinlik anında etdiyi duanın səsi də mələklər tərəfindən tanınar.

Exit mobile version